19:18, 17 Oktyabr 2018 (Çərşənbə) 970

Yumurta niyə bahalaşdı?

Yumurta niyə bahalaşdı?

Son günlər müxtəlif marketlərdə yumurtanın qiyməti süni şəkildə artıb.

Əvvəl 13-14 qəpiyə olan yumurta hazırda 25 qəpikdən satılır.

Səbəbini Toplum.Tv-yə açıqlayan kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli deyir ki, tələbat təklifi ödəmədiyi üçün bazarda yumurta çatışmazlığı baş verir: "Azərbaycan tələbatı qədər yumurta istehsal edə bilmədiyi üçün qiymət kəskin şəkildə artır. İllik tələbat üç milyard olduğu halda,  bir milyard  beş yüz min yumurta istehsal olunur. Tələbatla təklifin arasında fərq var. Belə olan halda bazarda yumurta çatızmazlığı baş verir və bu da, yumurtanın qiymətində özünü göstərir. Yəni yaz aylarında yumurta istehsalında nisbətən artım olur, payızda isə kənd yumurtası, sənaye istehsalı yumurtası azalır”.

Vahid Məhərrəmliyə görə, digər bir səbəb isə quşçuluq üçün kifayət qədər yem istesal edilməməsidir:
"Yem xaricdən, xüsusən Rusiyadan idxal olunur və son zamanlar, onun da qiymətində kəskin bahalaşma müşahidə olunur. İstehsal etdiyimiz yumurtanın min ədədinin qiyməti 110 manatdı, yəni maya dəyəri 11 qəpikdi. Belə olan halda, istehsalçılar da çalışır ki, gəlir əldə edə bilsin. Bir müddət süni olaraq yumurtanın qiymətini aşağı, 7,8 qəpiyə saxlaya bilirdilər, ancaq uzun müddət qiyməti tənzimləmək mümkün olmur. Hazırda bazarda hansısa bir siyasi seçki, tədbir yoxdu və digər məhsulların da qiymətində artım var. Son zamanlar, ümumiyyətlə, nəqliyyat sistemində gediş haqqı bahalaşıb və bu da sahibkarlara imkan yaradır ki, qiyməti qaldırsınlar”.

Ekspert hesab edir ki, alverçilər də yaranmış vəziyyətdən istifadə edirlər: 
"Yumurtanın bir ədədi 13-14 qəpiyə təklif olunmalıdır. Təəssüflər olsun, alverçilər süni şəkildə qiyməti artırırlar. Ehtimal ki, gələcək zamanda qiymət azalar, idxalda artım olar, amma ciddi qiymət enməsi gözlənilmir”.

Kənd Təsərrüfatı Nazirliyindən məsələnin İqtisadi İnkişaf Nazirliyinin nəzarətində olduğu bildirildi.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən isə bu sahəyə baxmadıqlarını dedilər.

Nəzrin Bədəlli
Toplum TV