12:45, 19 Oktyabr 2018 (Cümə) 209

Yalçın İmanovun şikayətinə Sumqayıtda baxılacaq

Yalçın İmanovun şikayətinə Sumqayıtda baxılacaq
Oktyabrın 19-da 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi hüquqşünas Yalçın İmanovun müraciətini Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərib.

Bu barədə AzadlıqRadiosuna Y.İmanovun özü danışıb: «Azərbaycan Vəkillər Kollegiyasının vəkillik fəaliyyətimə xitam verilməsi barədə çıxardığı qərarın ləğv edilməsi ilə bağlı 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdim. Amma məhkəmə müraciətimi baxılmaq üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərib. Məhkəmə belə qərardad qəbul etməsinə səbəb kimi Sumqayıt şəhərində yaşadığımı göstərib».

Y.İmanov deyir ki, önəmli olan müraciətinə hansı məhkəmənin yox, necə baxılmasıdır.

Vəkillər Kollegiyası Rəyasət Heyəti ötən il noyabrın 20-də Y.İmanovun bu qurumdan xaric olunmasından ötrü məhkəməyə müraciət haqda qərar qəbul edib. Məhkəmə yekun qərar verənə qədər Y.İmanovun vəkillik fəaliyyəti dayandırılıb. Həmin qərara səbəb kimi isə ötən ilin avqust ayında Penitensiar Xidmətin rəis əvəzi Oqtay Məmmədovun ondan şikayəti göstərilib.

Y.İmanov Nardaran hadisələrinə görə terrorçuluq və bir sıra ağır cinayətlərdə ittiham olunaraq 20 il həbs cəzası almış Abbas Hüseynovun ona təqdim etdiyi yazılı izahatına əsaslanaraq, mətbuata açıqlamasında onun işgəncəyə məruz qalması haqda şikayətini çatdırmışdı. Penitensiar Xidmətin rəhbərliyi bunu «ölkədə ictimai-siyasi vəziyyətin gərginləşməsinə, bu dövlətin çiçəklənməsini gözü götürməyən qüvvələrə xidmət edən addım» kimi qiymətləndirib.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti də vəkilin müdafiə etdiyi şəxsə istinadən onun həbsxanada işgəncəyə məruz qalması haqda mətbuata söylədiklərini «vəkillik fəaliyyətinə yaraşmayan hərəkət» hesab edib.

2018-ci il fevralın 21-də Gəncə İnzibati-İqtisadi Məhkəməsində Y.İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi barədə qərarla bağlı ilkin baxış olub.

Məhkəmə ilkin baxış zamanı Y.İmanovun Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvi barədə qarşılıqlı iddiasını icraata götürməyib.

Bundan sonra Y.İmanov Gəncə Apellyasiya Məhkəməsinə şikayət verib. Aprelin 17-də Gəncə Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

Sentyabrın 26-da isə Ali Məhkəmə hüquqşünasın şikayətinə baxıb, Gəncə Apellyasiya Məhkəməsinin qərardadını qüvvədə saxlayıb.

Məhkəmələr İmanovun Vəkillər Kollegiyasının Rəyasət Heyətinə qarşılıqlı iddiasını icraata götürməməsinin səbəbini müstəqil tələb olması ilə əsaslandırıb.

Bunu nəzərə alan hüquqşünas 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə şikayət edərək Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvini istəmişdi. Y.İmanov şikayətində göstərirdi ki, onun vəkillik fəaliyyətinə xitam verilməsinə heç bir hüquqi əsas yoxdur.