Qlobal dünya üzrə elektron pul köçürmə sistemi - SWİFT İran bankları üçün bağlanıb.
Bunu Osman Gündüz öz feysbuk statusunda belə əsaslandırıb: "ABŞ-ın İrana qarşı yeni sanksiyasında bu istiqamətin icrası mümkün görsənmirdi. Çünki bunu etməli olan qurum Avropada yerləşirdi, həm də az qala dünyanın bütün ölkələri və onların bankları bu sistemin üzərində oturublar”.
O qeyd edib ki, SWIFT-in Avropa qurumu olmasına baxmayaraq görünür onun rəhbərliyi ABŞ-ın təhdidləri qarşısında tab gətirə bilməyib: "Onsuz da ABŞ-dakı 2001-ci il terrorundan sonra bu ölkənin xüsusi xidmətinin SWİFT üzərində də kontrol etməsi haqqında iddialar səslənirdi. Güman ki, növbəti hədəf Rusiya olacaq. Rusiya təhlükəni qabaqcadan duyaraq artıq bir neçə ildir ki, özünün alternativ bir elektron ödəmə sisteminin qurulması üzərində işləyirdi . Çatdıra biləcəkmi? Əgər bilməsə, onun da vəziyyəti hədsiz dərəcədə ağır olacaq. Çünki qlobal elektron ödənişlərin olmadığı şəraitdə yalnız ibtidai üsul – barter üsulu qalır ki, bu da real görsənmir”.
Osman Gündüz deyir ki, dünən dünya həm də Birinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyini qeyd edirdi və SWİFT -in İRAN üçün bağlanmasının da həmin günə təsadüf etməsi maraqlıdır: "Müsair standartlar və müasir trendlər baxımından həyata keçirilən bu aksiyanı elə müharibə elan edilməsi kimi də dəyərləndirmək olar. Düşünürəm ki, ABŞ və Avropanın birləşib dünyanın o biri yarısına "Elektron Maliyə müharibəsi” elan etməsinin keçmiş zamanların klassik müharibələrindən daha pis nəticələri ola bilər. Belə görünür ki, yaxın dövrlərdə dünyada, regionda ciddi proseslər baş verəcək. Düşünürəm ki, Azərbaycanın milli maraqlarının qorunması üçün daha çox çalışmaq və "vuruşmaq” lazım gələcək”.
Noyabrın 5-də dünya miqyasında banklar arasında elektron pul köçürmələrini təmin edən SWIFT (Society for Worldwide Interbank Financial Telecommunication) İran banklarının sistemə girişini dayandırdığını elan edib.
SWIFT bu elanı ABŞ-ın İrana qarşı yeni sanksiya qərarından sonra bəyan edib.
Yazılı açıqlamada bildirilir ki, qlobal maliyyə sistemində tərəfsiz xidmət verən şəbəkə məhz həmin sistemin bütövlüyü və dayanıqlılığı üçün bu addımı atıb.
Gülzar N. Məmmədli
Toplum TV
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.