16:35, 09 Avqust 2018 (Cümə axşamı) 957

Qiymət artımlarının əsası varmı?

Qiymət artımlarının əsası varmı?
Ölkədə qiymət artımları ilə bağlı Tarif Şurasının keçirdiyi iclasa əsasən bəzi sahələrdə qiymət artımları baş verib. 

Belə ki, Tarif Şurasının İyulun 30-da keçirdiyi iclas əsasında aldığı qərarlara görə metro və şəhərdaxili avtobus marşurutlarında gediş haqqı 50% olmaqla, 0.3 AZN-ə qaldırıldı. Yəni şəhərətrafı və qəsəbələrarası avtobus marşurutları üzrə məsafədən asılı olaraq 1 gedişhaqqı 30-90 qəpik arası civarında tətbiq olundu. Həmçinin, müntəzəm şəhərlərarası avtobus marşurutlarında sərnişindaşıma xidməti isə 1 km üçün  2.4 AZN təsdiq olunub. 

Bundan başqa  Baş nazir Novruz Məmmədovun son günlərdə imzaladığı "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişikliklər edilməsi barədə sənəddə ölkəyə daxil olan bir sıra ərzaq məhsullarına idxal rüsumlarının artırılması nəzərdə tutulur. 

Qiymət artımları ölkəyə fərdi qaydada gətirilən telefonların qeydiyyat rüsumlarında da özünü göstərir. Belə ki, əvvəllər 5 AZN olan rüsumun qiyməti 5 dəfədən 30 dəfəyə qədər artırıldı. Yəni sadə Azərbaycan vətəndaşı xaricdən ölkəyə gələndə telefon məhsulunun növündən asılı olaraq, onun qeydiyyatı üçün 30-150 manat arasında rüsum ödəməli olacaq. 
Ölkəmizdə-Azərbaycanda qiymət artımları müşahidə olunsa da minumum aylıq maaşda hələ də artım olmayıb. Belə ki, 2018-ci ilin yanvarın 1-dən tətbiq olunmuş sərəncama əsasən Azərbaycanda minumum aylıq maaş 130 AZN-dir.

Qiymət artımları ilə bağlı verilən açıqlamalarda Azərbaycanda qiymət artımına məruz qalmış sahələr xarici ölkələrdə anoloji qiymətlərlə müqayisə olunaraq əsaslandırılır. Məsələn, nəqliyyatda qiymət artımı baş verəndə əsaslanmalarda tez-tez eşidirdik ki,  "ən ucuz nəqliyyat xidməti bizdədir” deyilir. 

Bəs görəsən qonşu ölkələrdə minumum əmək haqqı və nəqliyyat xidmətləri necədir?

TÜRKİYƏDƏ

Türkiyədə minumum aylıq maaş 1603 TL yəni 517.13 AZN-dir. 
Şəhərdaxili nəqliyyat xərclərinə nəzər salsaq, İstanbulda metro və avtobuslarda 1 gediş haqqı 2.6 TL yəni 0.84 AZN-dir. Metrobuslarda isə  1 gediş haqqı  3.85 TL yəni 1.24 AZN-dir. Eskişehirdə isə metrobusların qiyməti 2 TL yəni 0.65 AZN-dir. Tələbələrə isə 1.25 TL yəni 0.4 AZN təşkil edir.

RUSİYADA

Rusiyada minumum aylıq maaş 11.163 Rubl yəni 298.05 AZN-dir.
Burada gediş haqları  regionlardan asılı olaraq müxtəlif məbləğdədir.  
Şəhərdaxili ictimai nəqliyyat xərcləri belə təsnif olunur. Məsələn, Sankt-Peterburqda avtobus, tramvay və trolleybuslarda 1 gediş haqqı 1.07 AZN (40 Rubl), metronun 1 gediş haqqı isə 1.2 AZN (45Rubl) kimi dəyərləndirilir.
Moskvada avtobuslarda 1 gediş haqqı 1.07 AZN(40 Rubl) olduğu halda, metrolarda 1 gediş haqqı 1.47 AZN (55 Rubl) -dir.   Moskvanın 300 km-də olan İvanovo şəhərində avtobuslarda gediş haqqı 0.56 AZN (21 Rubl), troleybuslarda isə 0.48 AZN-dir(18 Rubl).

GÜRCÜSTANDA

Gürcüstanda aylıq minumum əmək haqqı  122.78 lira yəni 85 AZN-dir.
Şəhərdaxili avtobus və metrolarda 1 gediş haqqı şagirdlərə pulsuz, tələbələrə 0.14 qəpik ( 20 tetri ), pensionerlərə 0.07 qəpik (10 tetri ), sadə vətəndaşlara isə 0.35 (50 tetri) manatdır.

İRANDA

İranda minumum əmək haqqı 110500 riala yəni 442 AZN-ə bərabərdir. 
Şəhərdaxili avtobus və metrolarda gedişhaqqı isə 0.20 qəpik civarındadır.

"Tarif Şurasının ciddi izahatı yoxdur".

İqtisadçı-ekspert Azər Mehtiyev Toplum Tv-ə verdiyi açıqlamasında bildirir ki, Tarif Şurası qiymətlərin artımı ilə bağlı ciddi izahat verməyib.

"Bu qiymətlərin hamısı dövlət tərəfindən tənzimlənən sahələrdir.  İndilikdə nə şəhərdaxili ictimai nəqliyyatda, nə metropolitendə, nə də dəmir yollarında sərnişinlərin daşınma xərclərinin nə qədər olması, bu sahələrdə çalışan qurumların xərclərinin strukturu, onların gəlirləri haqqında ciddi məlumatlar yoxdur ki, müvafiq hesabalamalar aparaq. Bu sektorlarda şəffaflığın və hesabatlılığın edilməsi zəruridir".

İqtisadçı bildirir ki, ölkədə şəhərdaxili ictimai nəqliyyatın özünün təşkili əvvəldən qüsurludur. O bildirir ki, bu sektoru biznes sferasından çıxarıb bələdiyyələrə vermək lazımdır ki, onlar mənfəəti yox, əhaliyə keyfiyyətli xidməti üstün tutsunlar.

"Dünyanın əksər ölkələrində şəhərdaxili ictimai nəqliyyat biznes sferası hesab olunmur. Dünya ölkələrində şəhərdaxili ictimai nəqliyyat bələdiyyələrin nəzarətindədir və burada gəlir götürmək məqsədi güdülmür. Əsas məqsəd əhalinin keyfiyyətli nəqliyyat xidmətilə təmin edilməsidir. Bu zaman əldə olunan gəlir, həmin nəqliyyatın xidmət səviyyəsinin saxlanmasına xərclənir. Amma Azərbaycanda vəziyyət başqadır. Bakı, Gəncə, Sumqayıt kimi şəhərlərdə bu sektor ayrı-ayrı sahibkarların nəzarətindədir. Onların indiyədək zərərlə işlədiyini, mənfəət əldə etmədiyini söyləmək doğru deyil. Orda gəlir aşağı olsaydı, sahibkarlar bir-birilə yarışmazdılar. Bu baxımdan qiymət artımı başa düşülən deyil".

Ekspert Azər Mehtiyev bildirir ki, metro xərcləri əksər hallarda dövlət hesabına çəkilsə də, mövcud stansiyaların saxlanması qurumun öz hesabına düşür: "Burada da xərclərin strukturlaşması aparılmalıdır.Bu gün metroda da şəffaflığın artırılmasına ciddi ehtiyac var. Doğrudur, onlar ümumilikdə sərnişinlərin sayı, ən çox və ən az sərnişin daxil olan stansiyaları açıqlayırlar. Amma bu da kifayət deyil. Gəlir və xərclərin tənzimlənməsi, subsidiya alınması və s. optimallaşdırılmalıdır”.

Qiymət artımları digər sektorlarda da özünü göstərəcəkmi?

 İqtisadçı-ekspert Məhəmməd Talıblı Toplum.Tv-ə verdiyi açıqlamasında bildirir ki, Tarif Şurasının qiymət artımları üçün əsaslandırmasından da başa düşmək olur ki, burada zərurət dərk olunan deyil. 

Ekspert deyir ki, kommunal xidmətlərində artım yaxın illərdə olduğu üçün onların artımının baş verəcəyi inandırıcı görünmür. Ancaq ekspert onu da bildirir ki, ictimai nəqliyyatlarda gediş haqqının 50 faizlik artımı  digər sektorlarda da qiymət artımlarından xəbər verir: "50 faizlik qiymət artımı böyük məbləği və həddi ifadə edir.  Payız aylarından xüsusilə zəruri, gündəlik istehlak məhsullarında da artım müşahidə oluna bilər".

Dotasiya, ya İntervensiya?

 Ekspert Məhəmməd Talıblı deyir ki, avtonəqliyyat sistemində qiymət artımları üçün dövlət büdcəsindən dotasiya alan dövlət şirkətləri, eyni zamanda istehlakçılardan daha əlavə nələrsə qazanmaq haqqında düşünə bilər: "Dotasiyanın məqsədi elə təsərrüfat subyektinin gəlir və xərclərini tənzimləmək üçün edilirsə, bu zaman tənzimləmə yox, müdaxilə (intervensiya) edilir. Bu isə yolverilməzdir".

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili isə məsələylə bağlı deyir ki, komitə üzvləri qəbul olunmuş iqtisadi qanunvericiliklə bağlı şərh bildirə bilərlər. Onun dediyinə görə, komitə üzvləri  iqtisadi qanunvericilik məsələləri ilə məşğul olur və cari iqtisadi qərarları  isə başqa strukturlar verir.

Samirə Əliyeva
ToplumTV