16:18, 08 Noyabr 2018 (Cümə axşamı) 135

Qarabağ Komitəsi meriyanı məhkəməyə verəcək

Qarabağ Komitəsi meriyanı məhkəməyə verəcək
Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Komitəsinin noyabrın 8-i ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin – Rusiya, Fransa və ABŞ-ın Azərbaycandakı səfirlikləri qarşısında keçirmək istədiyi piketlərə razılıq verməyib. Aksiyalar təxirə salınıb.

Qarabağ Komitəsinin sədri, müharibə veteranı İlham İsmayıl Novator.az-a deyib ki, aksiyalarda beynəlxalq vasitəçilərin passiv mövqeyinə, təcavüzkar Ermənistana təzyiq göstərilməməsinə etiraz bildirmək nəzərdə tutulurdu. O, meriyanın piketlərə şərait yaratmaqdan imtinasının qanunsuz sayılması üçün məhkəməyə müraciət olunacağını vurğulayıb.

Bir qrup ictimai-siyasi xadimin yaratdığı Qarabağ Komitəsi sentyabrın 29-u Bakının Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Azərbaycan torpaqlarının işğaldan azad edilməsi tələbi ilə aksiya keçirib. Analoji aksiya noyabrın 24-nə təyin olunub, amma Bakı Şəhər İcra Hakimiyyəti müraciətə mənfi cavab verib. İmtina məktubunda qeyd olunub ki, prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün ölkə daxilində və beynəlxalq miqyasda ciddi iş aparır, Qarabağ məsələsi ilə bağlı danışıqlar şəffaf aparılır, KİV-ə təfsilatı ilə açıqlanır: "Qeyd olunanlar nəzərə alınaraq 24 noyabr 2018-ci ilə planlaşdırdığınız mitinqin keçirilməsi məqsədəuyğun hesab edilmir”.

Qarabağ Komitəsində Xalq Partiyasının sədri Pənah Hüseyn, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, sabiq daxili işlər naziri İsgəndər Həmidov, jurnalist Əvəz Zeynallı və başqa şəxslər təmsil olunur.

1988-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, hərbi təcavüz başlayıb. 1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı "müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ilin mayında atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal edib.

Münaqişənin dinc yolla tənzimlənməsi üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupuna Azərbaycan və Ermənistanla yanaşı ABŞ, Rusiya, Fransa (həmsədrlər), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə üzvdür.