15:30, 24 Aprel 2019 (Çərşənbə) 257

Prezidentin aprelin 23-də imzaladığı sərəncamın kimlərə şamil olunacağı açıqlanıb

Prezidentin aprelin 23-də imzaladığı sərəncamın kimlərə şamil olunacağı açıqlanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi prezident İlham Əliyevin 23 aprel sərəncamının neçə nəfərə şamil olunacağını açıqlayıb.

Sərəncama əsasən, 1941-1945-ci illər müharibəsində iştirak etmiş şəxslərə 1000 manat məbləğində, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

2019-cu ilin dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan sərəncamın icrası üçün 5 milyon manat ayrılır. Birdəfəlik yardımın çatdırılmasını təmin etmək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub.

Nazirliyin 24 aprel arayışına görə, sərəncam ümumilikdə 9300-dən çox vətəndaşa şamil olunacaq. Onların 400-dən çoxu 1941-1945-ci illər müharibəsində iştirak etmiş şəxslər, qalanı başqa kateqoriyaya aid şəxslərdir.

Birdəfəlik maddi yardım müharibə iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək.

1939-cu ildə başlayan İkinci Dünya müharibəsində Sovet İttifaqının və onun müttəfiqlərinin Almaniya üzərində qələbəsi 1945-ci il mayın 9-da rəsmiləşib.

1941-1945-ci illərdə SSRİ-nin alman işğalına qarşı apardığı müharibədə Azərbaycandan 640 mindən çox adam döyüşüb. Onların təxminən yarısı həlak olub.
 
Novator.az