14:46, 13 Oktyabr 2018 (Şənbə) 958

Nidaçı: "Mənə müsbət xasiyyətnamə verən məmur işdən qovulur"

Nidaçı:
Keçmiş siyasi məhbus Zaur Qurbanlı ona qarşı ədalətsizlik edildiyini iddia edir. 

Belə ki, ixtisasca hüquqşünas olan Qurbanlı Prezidentin əfv sərəncamı ilə azadlığa çıxsa da, onun üzərindəki məhkumluq hökmü məhkəmə tərəfindən götürülmür.

"Mən 4 ilə yaxındır, iş üçün müraciət elədiyim bütün yerlərdən imtina cavabı alıram. Məhz məhkumluğun götürülməsi üçün müraciət eləmişdim. Sadəcə, saman çöpündən yapışmaq misalı - işəgötürənlərin məhkumluq barədə sualına məhkumluğumun olmaması barədə məhkəmə qərarı ilə cavab vermək istəyirdim. Təbii ki, heç bir əsas olmadan məhkumluğum götürülmədi, ərizəm təmin edilmədi. Qəribəsi burasındadır ki, Daxili İşlər Nazirliyinin mənə verdiyi məhkumluq barədə arayışda mənim məhkum olduğum yazılmayıb. Amma nədənsə məhkum sayılıram", - Zaur Qurbanlı belə deyir.

Keçmiş siyasi məhbus əlavə edir ki, o, sadəcə, məhkum olduğuna görə yox, məhz siyasi məhbus olduğuna görə işə götürülmür: "Yəni hansısa bir cinayət əməli törətsə və ona görə tutulsa idim, məsələn, oğru, quldur, korrupsioner, qatil və s. olsa idim, işə götürülməyimdə problem olmayacaqdı. Çünki işəgötürənlər məhkumluğun qalıb-qalmaması ilə o qədər də maraqlanmırlar, onlar siyasi məhbus olduğumu bilən kimi imtina edirlər. İndi də üstəlik bu məsələ - mənim barəmdə müsbət xasiyyətnamə verən dövlət qulluqçusu işindən azad olunur. Bilmirəm, məqsəd nədir. Məni və digər oxşar statusda olan adamları ölkədən qovmaqmı, aclıqla sınğa çəkməkmi, hər nədirsə, əxlaqi və hüquqi bir şey deyil".

Zaur Qurbanlı 2013-cü ilin aprelin 1-də saxlanılaraq, cinayət məcəlləsinin 228.3 maddəsilə odlu silah daşımaqda ittiham edilib. Lakin iddiasına görə, o, siyasi zəmində, xüsusilə, Nida Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü olduğuna görə məhkumluq yaşayıb.

Z. Qurbanlı 30 dekabr 2014-cü ildə əfv sərəncamı ilə azadlığa çıxıb.

Ofelya Ramilqizi
Toplum.Tv