15:24, 14 Avqust 2018 (Çərşənbə axşamı) 240

Neft Fondundan lirə və rublun ucuzlaşması ilə bağlı açıqlama

Neft Fondundan lirə və rublun ucuzlaşması ilə bağlı açıqlama
Azərbaycan Dövlət Neft Fondunun (ADNF) investisiya portfelində Rusiya rublu və Türkiyə lirəsi daxil olmaqla başqa valyutalar yer alır. ADNF investisiya portfelindəki adları çəkilən valyutaların dəyər itirməsi ilə bağlı açıqlama yayıb.

Qurum bildirir ki, xarici valyutalarda sərmayə qoyuluşlarının həyata keçirilməsi investisiya portfelinin diversifikasiyasının təmin edilməsi və uzunmüddətli gəlirliliyin yüksəldilməsi məqsədi daşıyır.

Açıqlamaya görə, türk lirəsi və rus rublunun hər biri ADNF-nin investisiya portfelində 0.9 faiz pay təşkil edir. Bu göstərici cari ilin ikinci rübünün sonuna olan rəqəmləri əhatə edir.

Habelə, bildirilir ki, ADNF Türkiyənin dövlət istiqrazlarına, Rusiyada isə VTB Bankın səhmlərinə və Moskva şəhərində «Tverskaya 16» ünvanında yerləşən ofis-ticarət mərkəzinə sərmayə qoyub.

«Son zamanlar qeyd edilən ölkələrdə daha çox büruzə verən geosiyasi risklər də nəzərə alınmaqla bütün investisiya portfelinin cari vəziyyəti, bazar konyunkturası, gözləntilər ciddi şəkildə təhlil olunur və zəruri olduqda çevik taktiki addımlarla investisiya portfelinə müvafiq dəyişikliklər edilir», - fond bildirir.

Neft Fondu 2001-ci ildə fəaliyyətə başlayıb.

Aprelin 1-nə olan məlumata görə, fondun aktivləri 37 milyard 631.7 milyon dollar təşkil edir.

Son dönəmlər həm Türkiyə lirəsi və həm də Rusiya rublu ABŞ dolları qarşısında dəyər itirməkdədir.///AzadlıqRadiosu