09:50, 20 Aprel 2019 (Şənbə) 218

"Müxalifətçilərin övladlarına qarşı bu cür əməllər təkrarlana bilər"- Hüquqşunas

AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının yetkinlik yaşına çatmamış qızına hücum edən şəxs inzibati qaydada 15 günlük həbs cəzasına məhkum edilib.

Aprelin 18-də Tural Qarayev İnzibati Xətalar Məcəlləsinin 510-cu (kiçik xuliqanlıq) maddəsi ilə təqsirli bilinib. Amma bu qərar ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Çoxları 14 yaşlı qızı vuran və onu açıq şəkildə təhdid edən şəxsə verilən cəzanın qeyri-adekvat olduğunu qeyd edirlər.

Bəziləri hücumun hakimiyyət tərəfindən təşkil edilməsi qənaətindədirlər. Sosial şəbəkələrdə belə bir fikir bildirilir ki, müxalifətçilər uydurma ittihamlarla 8-10 il müddətinə azadlıqdan məhrum edildiyi halda, real cinayət törədən şəxsə cəmi 15 gün verilir.

Hüquqşünas Əlaif Həsənovun fikrincə, Qarayevin əməllərində cinayət tərkibi var. Onun fikrincə, polisin əməlləri inzibati hüquqpozma - "kiçik xuliqanlıq" olaraq tövsif etməsi yanlışdır.

Əlaif Həsənovun fikrincə, zorakılıq faktı varsa, bu, CM-in 221-ci (xuliqanlıq" maddəsi ilə tövsif edilməlidir.

O, bədəməlin "xalq qarşısında üzr istəmək" tələbini də şübhəli adlandırıb. O, yeniyetməyə hücum edən şəxsin yüngül cəza almasını təhlükəli təmayül hesab edir. Bu, digər müxalifətçilərin övladlarına qarşı bu cür əməllərin təkrarlanmasına gətirib çıxara bilər.
AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının qızına aprelin 18-də metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında hücum edilib. Tural Qarayev yeniyetməni vuub, onu 162 saylı məktəbin 8-ci sinif şagirdinin intiharı ilə bağlı etiraz aksiyası təşkil etməkdə ittiham edib.
 
Turan İA