19:20, 25 Aprel 2019 (Cümə axşamı) 231

Müsavat fəalının apellyasiya şikayəti təmin edilməyib

Müsavat fəalının apellyasiya şikayəti təmin edilməyib
Aprelin 25-də Bakı Apellyasiya Məhkəməsi hakim Vaqif Mursaqulovun sədrliyi ilə Müsavat Partiyası Gənclər Komitəsinin sədri Əbülfəz Sadıqbəylinin şikayətini təmin etməyib.

Sadıqbəyli məhkəmədən bəraət istəyib.

"Cinayət işində ən böyük zərər çəkən mənəm. Amma, mənə cəza verilib, günahkarlar bəraət alıb,” Sadıqbəyli deyib.

Dövlət ittihamçısı Müstəcəb Əliyev ittihamın məhkəmədə sübut oldunduğunu və hökmün qüvvədə saxlanılmasını istəyib. Beləliklə, məhkəmə birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Əbülfəz Sadıqbəyli Apellyasiya Məhkəməsinin qərarı ilə razı deyil və kassasiya şikayəti verəcəyini bildirib.

2018-ci il noyabrın 21-də Bakının Səbail Rayon Məhkəməsi Əbülfəz Sadıqbəylinin barəsində həbs qətimkan tədbiri seçib.

Sadıqbəyliyə Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham verilib.

O, "Nikoil" bankın adından saxta sənəd hazırlayıb, ondan istifadə etməkdə suçlanır. İttihama görə, gənc fəal bankın kreditilə aldığı "Niva" markalı avtomobilə görə borclu qaldığı 5 min 100 manatın ödənilməsi barədə arayışı yol polisinə təqdim edərək, avtomobili öz mülkiyyətinə keçirib, daha sonra satıb. İstintaq orqanı həmin arayışın saxta olduğunu iddia edir.

Müsavat Partiyasının fəalı ittihamı qəbul etmir. Müsavat Partiyası da bəyanat verərək həbsin siyasi motivlərlə gerçəkləşdirildiyini bəyan edib.

Bakının Qaradağ rayon Məhkəməsi hakim Fuad Hüseynovun sədrliyi ilə martın 6-da Əbülfəz Sadıqbəyli barəsində seçilmiş həbs qətimkan tədbirini 1 il 6 ay müddətinə polisin nəzarətinə verilmə qətimkan tədbiri ilə əvəz edib. O, məhkəmə zalında azadlığa buraxılıb.
 
Amerikaninsesi.org