23:06, 12 Noyabr 2018 (Bazar ertəsi) 208

"Leysan Lənkəranda fəsadlar yaradıb" - Şəhər sakinləri

Lənkəranda leysan yağışları bir sıra problemlər yaradıb. 

Bu barədə Toplum.Tv-yə şəhər sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, leysan yollarda hərəkət məhdudluğuna səbəb olub, həmçinin əkin sahələrinə də zərər vurub.

Şəhər sakini Rəşad Qasımzadə deyib ki, kanalizasiya sisteminin bərbad vəziyyətdə olması şəhərin özündə su səviyyəsinin düzgün paylanılmamasına gətirib çıxardıb: "Şəhərin vəziyəti belədirsə, kəndlərin daha ağır vəziyətdə olduğunu təsəvvür etmək çətin deyil".

Liman şəhər sakini Nazim Həsənov isə bildirib ki, sadəcə, bir neçə saat yağan yağış bu fəsadları yaradıb: "Əkin-biçin sahələri ilə yanaşı, yaşayış evlərini və yardımçı təsərrüfatları su basıb. Əsasən dağətəyi kəndlər sel sularından çox ziyan çəkib. Həmçinin rayon mərkəzindəki yollar da su altında qalıb. Hazırda Ləvəngi dairəsi və Girdəni kəndi ətrafında böyük ərazi su altındadır".

Lənkəran Şəhər İcra Hakimiyyətindən yağışın yaratdığı fəsadlar barədə məlumat almaq mümkün olmayıb. 

Gülzar N. Məmmədli
Toplum.Tv