17:18, 14 Avqust 2018 (Çərşənbə axşamı) 258

"İran güzəştlərə getməyə razı olmayan yeganə ölkə idi"

Xəzər dənizinin statusu barədə konvensiya İranla Azərbaycan arasında münasibətləri möhkəmləndirəcək.

Bunu Trend-ə Rusiya Elmlər Akademiyasının Primakov adına Dünya iqtisadiyyatı və beynəlxalq münasibətlər İnstitutunun Postsovet Araşdırmalar Mərkəzinin eksperti, politoloq Fərhad İbrahimov deyib.

Onun sözlərinə görə, İran güzəştlərə getməyə razı olmayan yeganə ölkə idi:

"İranın Moskvanın mövqeyi ilə razılaşaraq güzəştə getməsinin bir sıra səbəbləri ola bilər. İran indi ən yaxşı iqtisadi vəziyyətdə deyil, Vaşinqtonla münasibətlər yenidən gərginləşib və onlar yaxşı başa düşür ki, vəziyyəti bir qədər yüngülləşdirmək üçün qonşularla kompromisə getmək lazımdır”.

Ekspert əlavə edib ki, ölkə liderləri kompromis qərara ona görə gəldilər ki, 20 ildən çox müddət ərzində qarşılıqlı münasibətlərdə maneə yaradan bütün həll olunmamış məsələləri həll etsinlər.

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib

Toplantıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.