15:33, 18 Fevral 2019 (Bazar ertəsi) 201

İqbal Ağazadənin şikayəti üzrə məhkəmə başladı: 165 minlik ittiham

İqbal Ağazadənin şikayəti üzrə məhkəmə başladı: 165 minlik ittiham
Bakı Ağır Cinayətlər Məhkəməsində Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadənin 165 min manatını ələ keçirməkdə ittiham olunan Sərməs Tağıyevin məhkəməsi başlayıb. S.Tağıyev kredit götürəcəyini vəd edərək, Abşeron Xırdalanda yerləşən Əmlak Agentliyində işləyib, əmlak alqı-satqısıyla məşğul olub.

Fevralın 18-də hakim Rahib Salmanovun sədrliyilə keçirilən məhkəmənin hazırlıq iclasında iş üzrə zərərçəkmiş qismində tanınan İqbal Ağazadə iştirak etməyib. Hakim bildirib ki, ona məhkəmə barədə xəbər verilib, lakin özü iştirakdan imtina edib.

Bu iş məhkəmə baxışına verilib. Məhkəmə baxışı 25 fevrala təyin olunub.

İttihama əsasən, S.Tağıyev əmlak almaq adıyla İ.Ağazadədən 165 min manat pul alaraq, onu aldadıb.

S.Tağıyevin bundan əvvəl də müxtəlif adamlara ipoteka götürməyə yardım etmək vədiylə onlardan pul alıb aldatdığı, buna görə üzərində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə 8 illik şərti cəza olduğu bildirilir.

Meydan Tv