12:22, 11 Noyabr 2018 (Bazar) 435

"İş yerlərinin ixtisas səviyyəsi ilə insanların peşə-ixtisas səviyyəsi uyğun olmalıdır"

"Millət işləməyə vərdiş etməlidir. İndi də bir tendensiya yaranıb, hamı haradansa nəsə qoparmaq istəyir”. 

"Report”un xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Yaqub Mahmudov deyib.

Deputat əlavə edib ki, bu qədər əlilin, Qarabağ müharibəsi veteranının olması cəmiyyətdə şübhə doğurur.  

"Azərbaycanlılar həm millət olaraq, həm də fərdi şəkildə çox çalışqan, işgüzardırlar”

Sosioloq Nail Cəlil deputatın fikrində rasionallıq olduğunu düşünür: "Yaqub müəllimi tələbəlik illərindən tanıyıram. Lakin hamının adından danışmasını, eləcə də milləti bu formada tənqid etməsini qəbul etmirəm. Çünki azərbaycanlılar həm millət olaraq, həm də fərdi şəkildə çox çalışqan, işgüzardırlar”.

"Tarixi, etnoloji baxımdan, Azərbaycan türkləri Qafqazı, eləcə də yaxın, qonşu ölkələrdə azı son 1000 il ərzində aparıcı submədəniyyətin yaradıcısı olan, mühafizəkarlığını qorumaqla inkişafa, yaradıcılığa meyilli, şəraitini daim yaxşılaşdırmağa çalışan bir etnosdur. Bu milləti nəyəsə, xüsusən işləməyə, eləcə də elm öyrənməyə alışdırmaq barədə fikirlər tarixə, cəmiyyətə subyektiv yanaşmadan irəli gəlir. Heç kəs heç vaxt mənsub olduğu millətdən öndə, üstün, bilikli ola bilməz. Çünki fərd olaraq daşıdığı xüsusiyyətlər, istedadı, qabiliyyəti, hətta dahiliyi insanın milli-genetik kökləri ilə birbaşa bağlıdır. Bu, Yaqub Mahmudova, digər tədqiqatçılara, tarixçilərə, millət vəkillərinə də eyni dərəcədə aiddir”, - deyə sosioloq bildirib.
 
"Bunun günahı əhalidə deyil, mühitdəki şəraitdədir”

Sosioloq Əhməd Qəşəmoğlu isə problemə sosioloji tərəfdən baxılmasının tərəfdarıdır: "Sosiologiya elmi deyir ki, əhalini nədəsə günahlandırmaq doğru deyil. Çünki insanlar idarə ediləcək avtomat maşın deyil. Sosial psixologiyada kifayət qədər geniş əsaslandırılıb ki, hər bir  sosial qrupun davranışına təsir edən 3 mühüm amil var: mühit, informasiya və insanların üstünlük verdiyi dəyərlər. Əgər cəmiyyətdə bu gün işləmək meyli yoxdursa, deməli, bir davranış formalaşıb. Amma bunun günahı əhalidə deyil, mühitdəki şəraitdədir. Mühit həmin imkanı yaradırmı? Necə olur ki, burada avara həyat tərzi keçirən insan başqa ölkədə özünə iş tapa bilir?”.

Əhməd Qəşəmoğlu problemin digər səbəbini informasiyanın çatımlı olmamasında görür: "İşsiz insanların bəzisi peşəsinə görə iş tapa bilmir, bəzisi bilmir ki, necə axtarsın, hara müraciət etsin. Məlumatsız insanlar üçün kurslar da təşkil oluna bilər. Həm də çalışmaq lazımdır ki, əhalidə əməyə çox yüksək tələbat olsun. Əməyə  münasibət də mühüm bir dəyərdir. Əgər biz bu istiqamətdə işləmiriksə, o zaman əhaliyə "tənbəl” deyə bilmərik. Çox təəssüf ki, bizim ölkədə bu problemin həlli üçün elmi mexanizmlər axtarılmır”.   
 
"İnsanların iş səviyyəsi ilə ixtisas səviyyəsi arasında ciddi fərq var”

İqtisadçı Rövşən Ağayev problemi idarəetmədə görür: "Əvvəla, hakimiyyət nümayəndəsinin "insanlar saxta əlillik dərəcəsi alırlar” fikri absurd yanaşmadır. Çünki mexanizmləri hakimiyyət orqanları qurur. Qərarları isə parlament qəbul edir. Mexanizmlər elə qurulmalıdır ki, insanlar dövlət vəsaitlərindən sui-istifadə etməsinlər. Belə bir problem varsa, bu, idarəetmənin qüsurlarıdır. Əgər hüquqi mexanizmlər  yaxşı işləyirsə, insanlar da qanunlara tez öyrəşir”.

"Çox az sayda insan tüfeyli həyat tərzinə meyillidir. Biz özümüz bayram günlərində, 2-3 gün işə getməyəndə darıxırıq. İnsanlar həmişə işləmək istəyir. Bunun üçün idarəetmə insanların səmərəli məşğulluğunu təmin etməlidir. İnsanların seçim azadlığı mühümdür. Bizim iqtisadiyyatın isə iş yeri təklif etmək potensialı çox məhduddur”, - deyə iqtisadçı qeyd edib.

"İş var, insanlar işləmək istəmir” fikri isə kökündən yanlış yanaşmadır. Bunu məşğulluq məsələlərindən xəbəri olmayanlar deyir. Beynəlxalq praktikaya görə iş yerlərinin ixtisas səviyyəsi ilə insanların peşə-ixtisas səviyyəsi uyğun olmalıdır". Əgər hansısa mühəndis fəhlə işləmək istəmirsə, bu, normal qarşılanmalıdır. Bu ölkədə universiteti bitirən neçə tələbə öz ixtisasına uyğun iş tapa bilir? Bu baxımdan düşünürəm ki, bu gün ciddi araşdırma getsə, məlum olacaq ki, iş yerlərinin ixtisas səviyyəsi ilə insanların peşə-ixtisas səviyyəsi arasında ciddi fərq var”, - vurğulayıb. 

Nigar Mübariz
Toplum.Tv