16:33, 17 Avqust 2018 (Cümə) 1197

İmzalanan konvensiya və onun mahiyyəti - ŞƏRH

İmzalanan konvensiya və onun mahiyyəti - ŞƏRH
Xəzər dənizdir, ya göl?

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin prezidentləri Xəzərin hüquqi statusu haqqında Konvensiyanı imzaladılar. 

İmzalanan konvensiyaya görə Xəzər su hövzəsidir. 

Eyni zamanda, Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu konvensiyadan irəli gələn digər mühüm sənədlər də imzalanıb. Bu sənədlərə -  Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokol aid edilir. 

Konvensiyanın məqsədi nədir?

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili Toplum Tv-yə bildirib ki, dövlət başçıları tərəfindən imzalanan saziş regionda neft və qaz ehtiyatlarının kəşfiyyatı, hasilatı və nəqlini xeyli asanlışdıracaq, eyni zamanda su resurslarından istifadəni tənzimləyəcək: "İmzalanan konvensiya ümumi prinsipləri müəyyən edir. Onun əsas ideyası isə bundan ibarətdir ki, Xəzərin statusu 5 ölkə arasında mübahisə mövzusu deyil, dəniz-gölün bölünməsinin ümumi prinsiplərini müəyyən etməkdir. Bundan sonra isə qonşu tərəflər arasında olan konfliktlər ikitərəfli qaydada həll edilməlidir, 5 tərəfli yox".

Deputat Tahir Mirkişili bildirir ki, konvensiya imzalanana qədər  tərəflər arasında perspektiv yataqlara görə ciddi mübahisələr olub: "Bu vaxta qədər hər bir Xəzəryanı ölkə istənilən formada bölgüdə mübahisə yaratmayacaq yataqlarda problemsiz fəaliyyətlərini həyata keçirsələr də, sərhəd bölgələrdə perspektiv yataqlar ciddi mübahisələrə səbəb olmuşdur. Hətta bəzi hallarda silahlı münaqişə təhlükələri də yaranmışdır. Belə mübahisələr  Azərbaycan- İran, Azərbaycan- Türkmənistan və həmçinin, Qazaxıstan-Rusiya arasında baş vermişdi.  Mübahisə edən tərəflər arasında əsas arqument kimi göstərilən səbəb Xəzərin statusunun müəyyən edilməməsi və mübahisəli məsələlərin 5 ölkə arasında həll edilməsinin vacibliyi idi".

Konvensiyanın gücü

 "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu öz açıqlamasında Xəzərin statusunun müəyyənləşdirilməsinin Xəzəryanı ölkələr üçün vacib olan amillərindən bəhs edib.

"Yeni Konvensiyaya görə, hər bir dövlət Xəzər sahilindən 15 mil məsafəyə malik olacaq. Bundan başqa, sahil dövlətləri 10 mil məsafədə balıq tutma hüququna malikdirlər. Qalan ərazilər isə ümumi istifadədə olacaq. Bu, Xəzərin üst hissəsinə aiddir.
 - Həmçinin, dəniz sahili ölkələri öz aralarında razılaşsalar, Xəzərin dibi ilə boru xətləri çəkilə bilər. Təbii ki, digər sahil ölkələri də bundan xəbərdar olmalı və dənizin ekologiyasına zərər vurulmamalıdır.  
 - Xəzər sahili ölkələri başqa dövlətlərin hərbi gəmilərinin dənizə çıxışına imkan verməməlidir. Digər tərəfdən, Xəzər sahili ölkələri arasında dəniz qüvvələrinin əməkdaşlığı daimi əsasda olmalıdır. Bu bəndin konvensiyaya daxil edilməsinə daha çox Rusiya və İran çalışıblar. Çünki Moskva və Tehran ABŞ-ın və NATO-nun Azərbaycan və Qazaxıstanla hərbi əməkdaşlığından narahatdır.
- Xəzərin statusunun müəyyənləşməsi Çinin Bakı-Tbilisi-Qars dəmiryoluna marağını artıra bilər. Bu, Azərbaycan üçün çox vacibdir. Çinin Avropaya nəql etdiyi malların cəmi 10 faizinin Bakı-Tbilisi-Qars dəmiryoluna istiqamətləndirməsi kifayətdir ki, bu layihə tam gücü ilə işləsin. Xəzərdə mübahisələrin həlli və birgə əməkdaşlığın formalaşdırılması Bakı-Tbilisi-Qars dəmoryoluna marağı artıracaq. Bundan başqa, əgər  Azərbaycanın İran və Türkmənistanla Xəzərin dibinin bölüşdürülməsinə dair sazişlərin imzalanması məsələsi gerçəkləşərsə, bölgədə yeni əməkdaşlıq- Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran formatını gücləndirəcək".

Konvensiyada boşluq

Elxan Şahinoğlu bildirir ki,imzalanan konvensiya sahil dövlətləri arasında Xəzərin dibinin bölüşdürülməsi məsələsini həll etmir. Onun açıqlamasına görə, Xəzərin dibi sahil dövlətlərinin arasında beynəlxalq hüquq prinsiplərinə görə bölünməli və müvafiq sazişlər imzalanmalıdır.

Məlumat üçün qeyd edək ki, Azərbaycanın Xəzərin dibinin bölüşdürülməsi ilə bağlı Rusiya və Qazaxıstanla ikitərəfli sazişləri olsa da, ölkəmizin Türkmənistan və İranla buna oxşar sazişləri yoxdur. Səbəb isə Aşqabad və Tehranın Xəzərin dibindən daha çox pay istəmələridir.

Azərbaycan-İran və Azərbaycan-Türkmənistan münasibətləri - hansı daha real görünür?

İqtisadçı-ekspert Qubad İbadoğlu  Toplum Tv-ə verdiyi açıqlamasında bildirir ki, konvensiya  ilə bağlı  imzalanmış yekun sənəd hələ də açıqlanmadığına görə onu dəyərləndirməyə tələsmək olmaz. 

O hesab edir ki, bu kimi sənədlər ictimai müzakirələrdən keçməli və parlamentdə ratifikasiya olunmalıdır və bu, əslində, Azərbaycanın şərq sərhədlərinin dəqiqləşdirilməsi deməkdir: "Bu konvensiya Xəzərin dibinə deyil daha çox səth sularına dair mübahisələrə son qoydu. Xəzərin dibi resurslarla zəngin olduğundan və hazırda orda kəşfiyyat işləri davam etdiyindən konvensiya bu sahədə hər hansı bir dəyişikliyə gətirib çıxarmayacaq. Başlanan işlər davam edəcək. Odur ki, Azərbaycan -Türkmənistan, Azərbaycan İran münasibətlərində xüsusi bir dəyişiklik gözləmirəm".

İmzalanan konvensiya Azərbaycanın mənafeyinə uyğundurmu?

Politoloq Fərhad Mehdiyev Toplum Tv saytına verdiyi açıqlamasında bildirib ki, imzalanan konvensiya ümumilikdə Azərbaycanın mənafeyinə uyğun hesab etmək olar: "Bu konvensiya uzun müddətdir ki, araşdırılan bir məsələni həll etdi. Həmin məsələ Xəzərin dibi ilə boru xəttinin çəkilə bilməsi məsələsi idi. Konvensiyanın 8-ci maddəsi deyir ki, tərəf dövlətlər Xəzərin dibini öz arasındakı razılaşmaya görə bölə bilərlər. Konvensiyanın 14-cü maddəsində isə deyilir ki, tərəf dövlətlər arasındakı razılaşmaya əsasən boru və kommunikasiya xətləri çəkilə bilər. Ümumilikdə, konvensiyanın VII (‘Ərazi sularının uzunluğu’ maddəsi), VIII və XIV maddələr Azərbaycanın mənafeyinə uyğun hesab edilə bilər”.

Politoloq Nəsimi Məmmədli Toplum Tv-ə verdiyi açıqlamasında  konvensiyanın imzalanmasının ümumən müsbət siyasi hadisə kimi şərh etməklə yanaşı ölkəmiz üçün əlverişli olmayan amillərindən də bəhs edib: "Bu Konvensiya Xəzərin hüquqi statusunu müəyyən etməklə yanaşı, sahilyanı dövlətlərin dənizlə bağlı hüquq və öhdəliklərini, əməkdaşlığını, qarşılıqlı münasibətlərini tənzimləyəcək. Beynəlxalq və regional münasibətlərdə qeyri-müəyyənlikdənsə, konkretləşmiş aydın mövqelər və hüquqi sənədlər daha əhəmiyyətlidir.
Ancaq mən o fikirdə də deyiləm ki, bu saziş sahilyanı dövlətlərin hər birinə iqtisadi, siyasi, təhlükəsizlik və digər üstünlüklər qazandıracaq. Xəzəryanı dövlətlərin münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, ölkəmizin müstəqilliyinə və Xəzər dənizində suveren hüquqlarına əhəmiyyətli töhfə verəcəyini də sanmıram".

Politoloq Rusiyanın yenə də Xəzər dənizi üzərində əsas söz sahibi kimi bilinmısini və İranın bu Konvensiyadan daha qazanclı çıxdığını vurğulayıb: "200 ildən çoxdur ki, Xəzər dənizinin əsas söz sahibi Rusiyadır. SSRİ zamanında da Xəzərin 86 faizinə nəzarət onun əlində idi. 1991-ci ildən sonra Xəzər ətrafında yeni müstəqil dövlətlər yaransa da, ümumi vəziyyət dəyişmədi. Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçıları tərəfindən imzalanan Konvensiyanın analizi göstərir ki, yenə də Xəzərdə əsas söz sahibi Rusiya oldu. Xəzərdə hərbi üstünlüyü əlində saxladı. İstənilən Xəzəryanı dövlətə təsir və təyziq imkanına hüquqi zəmin əldə etdi. Eyni zamanda İran da əvvəlki vəziyyətindən daha uduşlu çıxdı".

Nəsimi Məmmədli Konvensiyanın Azərbaycan üçün gələcəkdə yarana biləcək mənfi təsirlərini belə şərh edir: "Bu Konvensiya olmadan Azərbaycan öz sektorunda karbohidrogen ehtiyyatlarının istismarı ilə bağlı beynəlxalq konsersumlarla səmərəli əməkdaşlıq edirdi. İndi isə o şirkətlərə bir qədər siyasi təzyiq olacaq. Xəzərdə böyük sərmayəsi olan İngiltərə və ABŞ şirkətləri bu sənədin onlara risk yaradacağını da nəzərə alacaqlar".

Samirə Əliyeva
Toplum TV