12:49, 10 Avqust 2018 (Cümə) 193

İlqar Məmmədovun məhkəməsi təxirə salınıb

İlqar Məmmədovun məhkəməsi təxirə salınıb
Bu gün Şəki Apellyasiya Məhkəməsində REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
 
Səhər saat 11 radələrində məhkəməni izləməyə gələnlər zala daxil olarkən onlara bildirilib ki, proses təxirə salınır. Səbəb də odur ki, bu iş üzrə dövlət ittihamını müdafiə edəcək prokuror məhkəməyə gəlməyib.

Məhkəməni izləməyə gələnlərdən bəziləri bildirib ki, onlar az öncə dövlət ittihamçısını məhkəmənin binasında görüblər. Amma məhkəmə nəzarətçiləri bunu təkzib ediblər.

İ.Məmmədovun məhkəməsi qeyri-müəyyən vaxta təxirə salınıb.

Şəki Apellyasiya Məhkəməsi bundan öncə də İ.Məmmədovun şikayətinə baxıb və onun 7 il azadlıqdan məhrum edilməsi haqda hökmü qüvvədə saxlayıb. Ali Məhkəməyə şikayət də nəticə verməyib - aşağı instansiya məhkəməsinin qərarı dəyişdirilməyib.

Lakin Avropa İnsan Haqları Məhkəməsinin 2017-ci ilin noyabrında İ.Məmmədovla bağlı ikinci qərarından sonra Ali Məhkəmənin Plenumu iyunun 29-da onun əsasında ReAl sədrinin işinə baxıb. Plenumun qərarıyla İ.Məmmədovun 7 illik həbsinə dair hökmü qüvvədə saxlayan kassasiya və apellyasiya instansiyalarının qərarları ləğv edilib. İş yenidən baxılmasından ötrü Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.

REAL Partiyasının sədri İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar həbs olunub və 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Ancaq o, hələ də azadlığa buraxılmayıb.

2017-ci il dekabrın 5-də Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) AİHM-in İ.Məmmədovla bağlı qərarının nəzərə alınmamasına görə Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

Avropa İnsan Hüquqları Məhkəməsinin İ.Məmmədovla bağlı 2017-ci ilin 16 noyabrında çıxardığı ikinci qərar da hələ icra edilməyib. Qərar 2018-ci il martın 5-də qəti hüquqi qüvvəyə minib və icrası üçün 3 ay müəyyən edilib.

2018-ci il iyunun 30-da Azərbaycan Ali Məhkəməsinin Plenumu Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) İ.Məmmədovla bağlı qərarının icrası məsələsinə baxıb. Plenum kassasiya və apellyasiya instansiyalarının qərarını ləğv edərək işi baxılması üçün ikinci dəfə Şəki Apellyasiya Məhkəməsinə qaytarıb.

Bundan öncə, 2016-cı ildə Ali Məhkəmə işi Şəki Apellyasiya Məhkəməsinə qaytarmışdı və həmin məhkəmə qərarını qüvvədə saxlamışdı.///Azadlıq Radiosu