17:34, 18 Mart 2019 (Bazar ertəsi) 588

İcbari tibbi sığorta ölkə üzrə nə vaxt tətbiq olunacaq?

İcbari tibbi sığorta ölkə üzrə nə vaxt tətbiq olunacaq?
Dövlət başçısı İlham Əliyev 2018-ci ilin dekabrında Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı fərman imzalayıb. 

Fərmana əsasən, icbari tibbi sığorta (İTS) sisteminin ölkə ərazisində tətbiqi Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə həvalə edilib. 

Qurumun rəsmi saytında isə qeyd olunur ki, icbari tibbi sığorta həmrəylik prinsiplərinə əsaslanan sosial layihədir. Layihənin məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, habelə əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2007-ci ildə yaradılıb, lakin strukturu təxminən 9 il sonra, 2016-cı ilin dekabrında təsdiq edilib.

2016-2018-ci illərdə isə Azərbaycanda İcbari Tibbi Sığorta (İTS) sosial layihəsinin Yevlax, Mingəçevir və Ağdaşda pilot şəkildə tətbiqinə başlanılıb.

Toplum.Tv icbari tibbi sığortanın ləngiməsi və bütün ölkə boyu nə vaxt və necə tətbiq olunacağı ilə bağlı Dövlət Agentliyinə suallar ünvanlayıb. 

- İcbari tibbi sığorta kimlərə şamil olunacaq, yəni bölgü necə olacaq?

- Prezident İlham Əliyev "Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 №-li Fərman imzalayıb. Fərmana əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə icbari tibbi sığorta (İTS) sisteminin ölkə ərazisində tətbiqinə imkan verəcək hazırlıq işlərini həyata keçirmək həvalə olunur. Ölkə üzrə İTS-nin tətbiqi 2020-ci ildən etibarən nəzərdə tutulur. "Tibbi sığorta haqqında” Qanuna uyğun olaraq İTS-nin xidmətlər zərfinin baza hissəsinə münasibətdə Azərbaycan vətəndaşları, ölkədə daimi və ya müvəqqəti yaşayan əcnəbilər, vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir.

Xidmətlər zərfinin əlavə hissəsinə münasibətdə sığortaolunanlar aşağıdakı kateqoriyalara bölünürlər:

1. Azərbaycan Respublikası Milli Məclisi və Prezidenti tərəfindən təyin olunan şəxslər, həmçinin seçkili ödənişli vəzifədə və əmək müqaviləsinə əsasən işləyən şəxslər.
2. Neft-qaz sahəsində fəaliyyət göstərən və dövlət sektoruna aid edilən sığortalılarda Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslər.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsi və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda:
3. Azərbaycan Respublikasının vətəndaşı olan 18 yaşınadək şəxslər.
4. peşə təhsili, orta iхtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsilalma forması üzrə təhsil alan 23 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları.
5. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən növündən asılı olmayaraq əmək pensiyası alan şəxslər.
6. "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial müavinət almaq hüququna malik olan əmək qabiliyyəti olmayan şəxslər.
7. "Ünvanlı dövlət sosial yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri.
8. ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonra 42 gün müddətində qadınlar.
9. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar.
10. sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.
11. mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər.
12. Yuxarıda qeyd olunmayan digər şəxslər. 

Sığortaolunan vətəndaşlar icbari tibbi sığorta çərçivəsində təminat verilən xidmətlər zərfindən istifadə edə biləcəklər. Xidmətlər zərfi iki hissədən ibarətdir: baza və əlavə hissədən. Baza hissəyə aid olan ilkin səhiyyə, təcili və təxirəsalınmaz tibbi yardım xidmətlərindən istifadə pulsuzdur. Baza hissəsi üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığortahaqqı ödənilməlidir. İmtiyazlı əhali qrupları bu xidmətlər zərfindən ödənişsiz istifadə edəcəklər.

- Xidmət müqabilində işləyənlər nə qədər vəsait ödəyəcəklər? 

- "Tibbi sığorta haqqında” Qanuna əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə illik 120 manat müəyyən edilir. Sığorta haqları həmin şəxslərin öz vəsaiti hesabına ödəniləcək.

- Bir çox ölkədə icbari tibbi sığorta pulsuz dərmanlara çıxış imkanı verir. Bəs bizdə mexanizm necə olacaq? Hansı xidmətləri ala biləcəyik? 

- İcbari tibbi sığortanın xidmətlər zərfinin baza hissəsini ilkin səhiyyə və təcili təxirəsalınmaz tibbi yardım xidmətləri təşkil edir. Bu səviyyədə istifadə olunan dərman preparatlarına İcbari tibbi sığorta çərçivəsində təminat veriləcək. İcbari tibbi sığortanın xidmətlər zərfinin əlavə hissəsinə isə ixtisaslaşdırılmış tibbi xidmətlər aid edilir ki, bura ambulator və stasionar şəraitdə aparılan müayinə və müalicələr daxildir. Hazırda xidmətlər zərfinin əlavə hissəsinə daxil ediləcək tibbi xidmətlərin siyahısı hazırlanır, tibbi xidmətlərin  tarifləri müəyyənləşir. 

Qeyd olunmalıdır ki, xidmətlər zərfinin əlavə hissəsinə həmçinin həyati vacib-dəyəri yüksək olan əməliyyatlar (məsələn, aorta-koronar şuntlama, anevrizmanın ləğvi (yaxud cərrahi müalicəsi), aşağı ətraf damarlarında həyata keçirilə biləcək əməliyyatlar) daxil ediləcək. 

- Sığortası olmayan əhaliyə hansı xidmət neçəyə göstəriləcək? 

- Xidmətlər zərfinin baza hissəsinə aid olan ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidmətindən istifadə hər bir vətəndaş üçün pulsuzdur və bu xidmətlər dövlət büdcəsi hesabına göstəriləcək. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığortahaqqının ödənilməsi məcburidir. İcbari tibbi sığortahaqqını ödəyən sığortaolunan vətəndaşlar sözügedən xidmətlərdən istifadə edə biləcəklər. İmtiyazlı əhali qrupları sığortahaqqı ödəməkdən azaddır. 
İcbari tibbi sığortahaqqını ödəməkdən imtina edən və nəticədə sığortaolunmayan vətəndaş xidmətlər zərfinin tariflərinə uyğun olaraq xəstəxanaya ödəniş etməlidir. Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri yaxın zamanda təsdiq olunacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək. 

- Bəzi şirkətlər bütün işçilərini sığorta etdirib. Bundan əlavə icbari tibbi sığorta da etməlidirlər?

- Hazırda şirkətlərin işçilərinə tətbiq etdikləri sığorta könüllü tibbi sığorta növünə aid edilir. 2020-ci ildən etibarən isə icbari tibbi sığorta ölkə üzrə tətbiq olunduqdan sonra şirkətlərin  işçilərini icbari tibbi sığortalaması məcburidir. Könüllü tibbi sığorta şirkətlərin öz seçimləridir və onlar icbari tibbi sığortadan əlavə olaraq işçilərinə həmin növ tibbi sığortanı da verə bilərlər. 

Əlavə olaraq bildirək ki, əmək müqaviləsinə əsasən işləyən şəxslər üzrə işəgötürən tərəfindən – hesablanmış əməyin ödənişi fondunun aylıq 2 faizini, işçi tərəfindən isə – onun əmək haqqının aylıq 2 faizini icbari tibbi sığortahaqqı təşkil edir.

Nərgiz Absalamova
Toplum.Tv