22:49, 18 Aprel 2019 (Cümə axşamı) 505

Hesablama Palatası üzvlərinin və Konstitusiya Məhkəməsi sədrinin və hakimlərinin maaşı artırılıb

Hesablama Palatası üzvlərinin və Konstitusiya Məhkəməsi sədrinin və hakimlərinin maaşı artırılıb
Azərbaycan Prezidenti İlham Əliyev "Hesablama Palatası haqqında” və "Konstitusiya Məhkəməsi haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanun imzalayıb.

Sənədlə həm palata üzvlərinin, həm də Konstitusiya Məhkəməsi hakimlərinin sosial müdafiəsi gücləndirilib.

Belə ki, Hesablama Palatasının üzvlərinin əməkhaqqına bir aylıq vəzifə maaşı həcmində əlavə olunacaq.

Hesablama Palatası sədrinin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin birinci müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir. Hesablama Palatası sədrinin müavininin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabər tutulur. Palatanın auditorlarının aylıq vəzifə maaşı və digər təminatları Milli Məclisinin komitə sədrlərinin aylıq vəzifə maaşlarına və təminatlarına bərabərdir.

"Konstitusiya Məhkəməsi haqqında” qanunun da isə 71-ci (Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı) maddəsinin 2-ci bəndi yeni redaksiyada verilib:

"Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclis sədrinin aylıq vəzifə maaşına (2 475) bərabərdir”.

İndiyədək isə bənd belə idi:

"Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2 335 manatdır”.

Qanunun 73-cü (Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları) maddəsinə də dəyişiklik olunub.

Dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.

Qanun 2019-cu il aprelin 1-dən qüvvəyə minir.