16:19, 23 Aprel 2019 (Çərşənbə axşamı) 1410

Gözəl Bayramlı: "İcra başçısı cəzalandırılmalıdır"

Gözəl Bayramlı:
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun AXCP üzvü Ruslan Nəsirlinin və AXCP Saatlı rayon şöbəsinin sədri Şamil Hacıbəylinin qızı Altunay Hacıbəylinin toyunun şadlıq evində keçirilməsinə imkan vermədiyi bildirilir.

Toy sahiblərinin yaydığı məlumata görə, Şamil Hacıbəyli Saatlıdakı şadlıq saraylarından birində qızına toy etmək üçün restoran rəhbərliyi ilə də razılaşıb. Ancaq sonradan razılaşma pozulub, restoran toyun orada keçirilməsindən imtina edib. 

Bildirilir ki, Siraqəddin Cabbarovun göstərişi ilə restoran rəhbərliyinə hədə-qorxu gəlinərək, toyun orada keçirilməsinə mane olublar.

AXCP-nın sədr müavini Gözəl Bayramlı Toplum TV-ə açıqlamasında bildirib ki, artıq "Real Tv”-nin rəhbəri Mişahin Ağayevin çağırışını tətbiq etməyə başlayıblar: "Təxminən bir müddət əvvəl Mirşahin Real TV-də bir açıqlama vermişdi. Deyirdi: "Çağırış olmasaydı müraciət edərdim ki, bu adamlara (bizi nəzərdə tuturdu-cəbhəçiləri) mağazalarda çörək satmayın. Avtobus şoferlərinə deyədim ki, onları avtobusunuzdan düşürdün”. Artıq bunu tətbiq edirlər. Saatlıda başladı. Ruslan Nəsirlinin özü də siyasi məhbus olub , yaxın vaxtlarda şərti azadlığa buraxılıb. Onun nişanlısı bizim AXCP Saatlı rayon şöbəsinin sədri Şamil Hacıbəylinin qızıdır. Həmin toy restoranla razılaşdırılıb, hətta dəvətnamələr belə paylanmışdı ki, toy həmin şadlıq evində olacaq. Sonradan şadlıq evinin rəhbərini icra başçısı çağırıb, deyib ki, həmin şadlıq evini yerlə-yeksan edərəm. Orada ona icazə verilməyəcək. Sonra Şamil bəy məcbur oldu toyu həyətində çadırda elədi, biz də AXCP rəhbərliyi olaraq o toyda iştirak elədik”. 

Gözəl Bayramlı deyir ki, bu, birbaşa cəbhəçilərə qarşı düşmənçilik siyasətidir və dövlətin imicinə zərbə vurur: "Bu, çox pis bir tendensiyanın başlanğıcıdır. Birbaşa cəbhəçilərə qarşı düşmənçilik siyasətinin davamıdır. Dövlətin imicinə olduqca ciddi zərbə vuran bir məsələdır, düşmənçilik siyasətidir. Mənə elə gəlir ki, əgər bu, birbaşa hakimiyyətin zirvəsindən qaynaqlanmırsa, bu məsələyə bir münasibət bildirməlidirlər. İcra başçısı cəzalandırılmalıdır. Tək bununla bitmir məsələ. Sonra Ruslan bəyin atasını icra hakimiyyətinə çağırırlar ki, Şamil bəyin qızı ilə olan nikah pozulmalıdır. Bu, artıq insanların şəxsi həyatına müdaxilədir. Bu icra başçısı rayonda at oynadır. Yəni bunun qarşısı alınmasa, artıq insanlar arasında düşmənçilik toxumu səpməyə, qisasçılığa aparıb çıxarar. Biz onsuz da bilirik ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasına qarşı bu hakimiyyətin bir aqressiyası var. İclasları keçirmək üçün yer yoxdur. Artıq bu məsələlərin toya daşınması, cəbhəçilərə toy etmək yer verməmək, hətta onları hədələmək insanlığa sığmır. Mən yenə də qeyd edirəm: bunun qarşısı alınmasa, deməli, bu ölkədə hakimiyyətin özü də maraqlıdır ki, insanlar arasında düşmənçilik toxumu səpilsin, düşmənçilik siyasəti yeridilsin”. 

Gözəl Bayramlının sözlərinə görə, hakimiyyətin bu məsələyə münasibətinin necə olacağını gözləyirlər.

"Cəmiyyətdə çox sərt təpki oldu, hər kəs buna qarşı çıxdı. Bir neçə gündür həmin icra başçısından, bu işi törədənlərdən yazılır. Ona görə hakimiyyət bu məsələyə xüsusi diqqət ayırmalı və o icra başçısı cəzalandırılmalıdır. O cümlədən bu çağırışı edən, adını müstəqil jurnalist qoyan Mirşahinə qarşı da məsuliyyət tələb olunmalıdır”, - Gözəl Bayramlı vurğulayıb.

Saatlı Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Zaur adlı şəxs "Turan”a deyib ki, bu cür fikirlər həqiqətəuyğun deyil: "Restoran özəl strukturdur və icra hakimiyyəti onun fəaliyyətinə müdaxilə edə bilməz. Belə bir şey olmayıb".
 
Nərgiz Absalamova
Toplum TV