16:58, 06 Avqust 2018 (Bazar ertəsi) 418

"Elə bil daş dövründə yaşayıram" - "Mənim hekayəm"

"Evimiz bir otaqlıdır, eyvanı da yoxdur. Havasızlıqdır. Evdə 16 yaşlı oğlum var. Bir otağın içində mən ona deyirəm ki, "gözünü tut, paltarımı dəyişim”. O da mənə deyir ki, "üzünü çevir, paltarımı dəyişim”. Daş dövründə yaşıyıram elə bil. Mətbəxim yoxdur, dəhlizdə yemək hazırlayıram. Paltaryuyan maşınımı qoymağa yerim yoxdur. Ümumi yerdə də yumaq olmur”. 

Bakının Dərnəgül qəsəbəsindəki yataqxananın sakini Gülanə Quliyeva belə deyir. 

Yataqxana Ağasadıq Gəraybəyli küçəsində yerləşdiyindən elə "Ağasadıq Gəraybəyli yataqxanası” kimi tanınır. 

Gülanə Quliyeva deyir ki, 17 ildir burada yaşayır.

"Qaçqınkomdan gəldilər…”

Gülanə xanım deyir ki, 15 gün öncə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin nümayəndəsi yataqxanaya gəlib, onların vəziyyəti ilə maraqlanıb: "Soruşdum ki, bizi nə vaxt köçürəcəklər. Zarafata saldı ki, şirinlik verin, deyim. Kanalizasiya yoxdur, yemək bişirmək, paltar yumaq üçün suyu qablarla daşıyıram”. 

Zəngilan rayonundan köçkün düşən Heyran Məmmədova isə heç olmasa ömrünün ahıl çağında rahat yaşamaq istəyir. 

Deyir ki, yataqxana ümumi yaşayış yeri olduğundan uşaqların səs-küyündən dinclik tapa bilmir: "İki adam güclə yeriyir, bir də bu dəhlizdə hər uşağa bir velosiped, top alırlar. Uşaqdılar də, oynamaq istəyirlər. Həyət-baca yox, bayıra çıxan kimi maşın yoludur. Ona görə də dəhlizboyu qaçırlar, səs-küy salırlar”. 

"Nə qədər belə yaşamaq olar?”

Heyran Məmmədova yaşadığı otağınn darlığından da şikayətçidir: "Oğlum fəhlədir, özüm də pensiya alıram. Gəlinim ürəyindən əməliyyat olunub, heç dava-dərmanını çatdıra bilmirik. Bircə çörəkpulu alırıq. Cavan oğlanlar hamısı bu darısqal şəraitdə yaşayır. Nə qədər belə yaşamaq olar?” 

Ümumi hamam, ayaqyolu, mətbəx…

5 mərtəbəli yataqxana az qala 25 ildir təmir olunmur. Mətbəx, ayaqyolu, hamam ümumidir. Mətbəx artıq qəzalı vəziyyətdədir, hər an uça bilər. Köçkünlər deyirlər ki, 1993-cü ildən burda yaşayanlar var. O vaxtdan da hamamdan, ayaqyolundan növbə ilə istifadə edirlər. Yay aylarında bu baxımdan daha çox əziyyət çəkirlər. Deyirlər, yaşadıqları şərait canlarını da xəstə salıb. 

"Gigiyenik baxımdan da xoş deyil. Hamımız xəstəlik tapmışıq. Belə məsələlər hətta ailə daxilində söz-söhbət yaradır, o ki qaldı bu qədər yad insanlar arasında ola” – məcburi köçkün Mahizər Həsənova deyir.

Dilquşa Həsənova da eyni problemləri bölüşür: "Azərbaycanın ən gözəl, dilbər guşələrində yaşayırdıq. İndi vəziyyətimizə baxın. Bu şəraitdə uşaq böyütmək, tərbiyəsi ilə məşğul olmaq da çətindir. Bütün ailələr iç-içədir. Uşaqlar hər böyükdən bir söz öyrənir. Havasızlıq, ümumi istifadə zonalarından gələn üfunət qoxusu… Hamısı həyatımıza, səhhətimizə təsir edir”.

Yataqxanadakılar yenə gözləməli olacaq…

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev deyir ki, "Qobu park” yaşayış kompleksinə məcburi köçkünlərin köçürülməsi prosesi iyulun 9-dan başlayıb: "Bugünə qədər kompleksə Nərimanov rayonundakı Koroğlu Rəhimov küçəsi, 824/835 ünvanında yerləşən, tikintisi yarımçıq qalmış doğum evi binasının zirzəmisində, Mayakovski küçəsi 8/9, 10, Ziya Bünyadov küçəsi 30 və Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi H.Məmmədquluzadə küçəsindəki Səhiyyə Nazirliyinin Təmir-tikinti İdarəsinin balansında olan 7 saylı inzibati binada və Səttar Bəhlulzadə küçəsi, 23 ünvanında yerləşən 3 saylı fəhlə yataqxanasında ən ağır şəraitdə yaşayan məcburi köçkün ailələri köçürülüb”. 

İbrahim Mirzəyevin sözlərinə görə, hələlik Ağasadıq Gəraybəyli küçəsində yerləşən yataqxanada müvəqqəti məskunlaşmış məcburi köçkünlərin "Qobu park”a köçürülməsi nəzərdə tutulmayıb: "Onların yeni mənzillərlə təminatı məsələsinə növbəti mərhələlərdə baxılacaq. Məcburi köçkün problemi Azərbaycan dövlətinin sosial-siyasətinin prioritet istiqamətlərindəndir. Yalnız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ədalətlə və sülh yolu ilə nizamlandıqdan sonra bu problem tam həllini tapacaq”.

Gülzar N. Məmmədli
ToplumTV