14:36, 13 Oktyabr 2018 (Şənbə) 848

Dövlət din xadimlərinə avtomobil verməlidirmi?

Dövlət din xadimlərinə avtomobil verməlidirmi?
Oktyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunda 14 dini icmaya "Khazar SD” markalı avtomobillərin açarları təqdim edilib. 

Noyabr ayında isə növbəti 7 dini icmaya avtomobillərin verilməsi nəzərdə tutulub.

Sosioloq Əhməd Qəşəmoğlu  hesab edir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi seçilən dini icmalar, onların fəaliyyətiylə bağlı ictimaiyyətə məlumat verməli idilər:

"Bu cür hallarda, sistemin necə formalaşması, maddi vasitələrin bölünməsi ilə bağlı tez-tez müzakirələr olur. Mənim dini icmaların konkret olaraq hansı işlərlə məşğul olduğu haqqında təsəvvürüm olmadığı üçün, həqiqi dini dəyərlərin təbliği sahəsində ciddi fəaliyyət göstərirlərmi, doğurdan da, yardımçı vasitə kimi avtomobilə ehtiyacları olduğunu bilmirəm. Onlar hansı fəaliyyət göstərir, ölkədə mənəviyyatın, həmin sferanın zənginləşməsində hansı rolu oynayırlar. Mənim üçün gözlənilməz oldu. Komitə qısa zamanda aydınlıq gətirməlidir ki, niyə məhz 14 icma, hansı fəaliyyətləri ilə fərqlənib və bu fəaliyyətləri zamanı hökmən belə bir vasitə vacib idimi”. 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Cavanşir Paşazadə deyib ki, 14 dini icmanın hansı amilə görə seçilməsi haqda məlumatsızdır:

"Hələlik 14 icmaya verilib, amma cənab prezident hissə-hissə digər dini icmalara da təqdim edəcək. Prezident həm dindarları, həm də başqa sahədə olan insanları qiymətləndirir. Seçilmiş 14 dini icma respublikada dini sahədə apardığı işlərə görə dövlət siyasətini, sabitliyi dəstəklədiyinə görə avtomobil verilib. Hər bir məscidin texnikası olmalıdır, dini xadimləri hansısa bir tədbiri keçirməyə getdiyi halda avtomobilə ehtiyac var”.

İqtisadçı Natiq Cəfərli qeyd edib ki, bu avtomobillər satılmır və müəyyən sosial layihə adı altında dövlət büdcəsindən ödəniş almaq şərti ilə verilir:

"Əslində, yerli "NAZ-lifan” və "Khazar”avtomobil şirkətləri hansı ki bazar üçün nəzərdə tutulmayıb, imic üçün büdcədən ayrılmış vəsaitlərin dolayısı ilə mənimsənilməsi lahiyəsidir. Bu avtomobillər satılmır və müəyyən sosial  lahiyə adı altında dövlət büdcəsindən ödənişi almaq şərti ilə verilir. Amma keçmişdə Sosial Müdafiə Nazirliyi alırdı və əngəlli insanların avtomobil ilə təmin olunmasında iştirak edirdi. Əslində, bu doğru addım idi. İndiki dövrdə Konstitusiyamızda dinin dövlətdən ayrı olduğu, sekulyar bir ölkədə din xadimlərinə avtomobillərin dövlət büdcəsi hesabına verilməsi absurddur. NAZ-lifanın təqdim etdiyi avtomobilləri dövlət və hökumət orqanları alır. Əgər, bu avtomobillərin satışı realizə olunması mümkün deyildisə, heç olmasa, bunu Təhsil Nazirliyinə verərdilər və nazirlikdə müsabiqə keçirdərək, ölkədə ən yaxşı müəllimə təqdim edərdilər”. 

Nəzrin Bədəlli
Tolum.Tv