17:22, 23 Aprel 2019 (Çərşənbə axşamı) 249

"Bəzi qüvvələr öz aralarında dava salıb, bunu hökumətin üstünə atmağa çalışırlar"

Oqtay Əsədov: "Avropa İttifaqı ilə saziş xalqımızın xeyrinə olacaq"

"Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanması nəzərdə tutulan və hazırlanan sazişlə bağlı yersiz fikirlər səsləndirilir. Xaricdəki və daxildəki müəyyən qüvvələr bağlanacaq sazişlə bağlı xalqı çaşdırmağa çalışır”.

Milli Məclisin iclasında çıxış edən deputat Siyavuş Novruzov belə deyib.

O bildirib ki, müxalif qüvvələr sözügedən sazişdə Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması və digər bəyanatlarla çıxış edirlər:

"Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi sülh və digər yollarla ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Anti-Azərbaycan qüvvələr isə başqa-başqa fikirlər ortaya ataraq, xalqı yanıltmağa çalışırlar. Həmin qüvvələr indiyədək Dağlıq Qarabağla bağlı bir kəlmə belə deməyiblər. İndi Azərbaycanda gedən islahatlar həmin qüvvələri narahat edir deyə, onlar bu və ya digər şəkildə uğurlara kölgə salmağa çalışırlar. Hətta öz aralarında dava salıb bir-birilərinə ziyan vurmaqla bunu da dövlətin üzərinə atmağa çalışırlar”.
Spiker Oqtay Əsədov bildirib ki, Avropa İttifaqı (Aİ) ilə imzalanacaq sazişlə bağlı deyilən bu cür fikirlər yanlışdır:

"Əsas məqsədlərdən biri o idi ki, Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı bu sazişdə öz əksini tapsın və buna nail olmuşuq. Sazişlə bağlı kiçik məsələlərin həlli qalıb və bunlar üzərində işlər gedir. Sazişin imzalanmasına maneə törədən ermənilərdir. Çünki bu sazişi imzalayan ölkələr Avropa İttifaqından yardım alır. Düzdür, Azərbaycanın Aİ-nin maliyyə yardımına ehtiyacı yoxdur, bizim üçün vacib olan ərazi bütövlüyümüz və ticari məsələlərdir. Saziş mayın 13-də imzalanacaq və bu, xalqımızın xeyrinə olacaq”.

Bir neçə gün əvvəl müxalifət partiyalarının sədrləri Avropa İttifaqı və Azərbaycan arasında imzalanacaq sazişlə bağlı dinləmə keçirərək, sənədin mətninin açıqlanmaması, sazişdə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına salan müddəaların olması və s. narahatlıqlarını bildiriblər.

Ancaq Xarici İşlər Nazirliyi spiker Oqtay Əsədovun sazişin mayın 13-də imzalanacağı barədə dediklərini təkzib edib. Bu barədə XİN mətbuat xidməti məlumat yayıb.

"Azərbaycanla Avropa İttifaqı arasında Sazişin məhz bu ilin 13 may tarixində imzalanması nəzərdə tutulmayıb. Çünki, ölkəmizlə Aİ arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək Saziş üzrə danışıqlar hələ ki, davam etdirilir".

Meydan.Tv