10:53, 08 Yanvar 2019 (Çərşənbə axşamı) 573

Avropa Şurasının komissarından Mehman Hüseynov çağırışı

Avropa Şurasının komissarından Mehman Hüseynov çağırışı
Avropa Şurasının insan haqları komissarı Dunya Miyatoviç yanvarın 7-də Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə telefon söhbətində həbsdə olan bloger Mehman Hüseynovun məsələsini qaldırıb.

Avropa Şurasının saytındakı yayılmış bəyanatında Dunya Miyatoviç bunları qeyd edib: "Mən nazir müavininə dedim ki, hakimiyyət Mehman Hüseynova 2018-ci il dekabrın 26-da irəli sürülmüş ittihamları geri götürməlidir. Hakimiyyətin Mehman Hüseynova lazımi tibbi yardım göstərməli olduğunu bildirdim. Mehman Hüseynovun vəziyyəti narahatlıq doğurur. O, zəruri tibbi yardım üçün mülki xəstəxanaya köçürülməlidir.

Ümid edirəm ki, Azərbaycan hakimiyyəti insan hüquqları sahəsində öz öhdəliklərinə əməl edəcək. Mən Mehman Hüseynovun işində irəliləyişin olmasını və hakimiyyət və vətəndaş cəmiyyəti ilə konstruktiv dialoqun davam etdirilməsi üçün yaxın aylarda Azərbaycana səfərimi səbirsizliklə gözləyirəm”.

Mehman Hüseynov 2017-ci il martın 3-dən həbsdədir. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunub.

2018-ci il dekabrın 26-da ona hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə ittihamı ilə yeni cinayət işi açılıb. Bu ittiham 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Yeni cinayət işinin istintaqı ilə əlaqədar Mehman Hüseynov dekabrın sonlarında 14 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.

Müdafiəçiləri onun dekabrın 26-dan aclıq aksiyası keçirdiyini bildirirlər. Penitensiar Xidmət bu xəbəri təkzib edir.

Bosniyalı hüquq müdafiəçisi Dunya Miyatoviç ötən il yanvarın 24-də Avropa Şurasının insan haqları komissarı seçilib, səlahiyyətlərinin icrasına aprelin 1-də başlayıb. O, 2010-2016-cı illərdə ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi olub.

Avropa Şurasının insan haqları komissarı postu 1999-cu ildə təsis edilib. Komissarın səlahiyyət müddəti 6 ildir.

TURAN İA