11:57, 19 Mart 2019 (Çərşənbə axşamı) 197

ATƏT redaktor barədə hökmü pisləyib

ATƏT redaktor barədə hökmü pisləyib
ATƏT "Criminal.az” saytının baş redaktoru Anar Məmmədovun məhkum edilməsini pisləyir.

ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Harlem Dezir "Twitter” hesabında yazıb ki, Anar Məmmədovu məhkum edən məhkəmə qərarı bir daha Azərbaycanda ifadə azadlığı və media azadlığında narahatverici tendensiyanın olduğunu nümayiş etdirir.

"Mən səlahiyyətli qurumları apelyasiya instansiyasında bu cinayət işinə nəzər salıb jurnalistə maneəsiz işləmək imkanı verməyə səsləyirəm” - deyə Harlem Dezir vurğulayıb.

Martın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar Mikayılovun sədrlik etdiyi hakimlər kollegiyasının hökmünə əsasən, A.Məmmədova 5 i 6 ay şərti azadlıqdan məhrum edilib.

Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin güllələnməsi, onun vətəndaşlarla kobud münasibəti, bu üzdən şəhərin mərhum polis rəisi Rasim Musayevlə davası barədə yazılara görə CM-in 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. Ona 2 il sınaq müddəti təyin olunub. Bu müddətdə müvafiq orqanlara xəbər vermədən yaşayış yerini dəyişə, ölkəni tərk edə bilməz.

A.Məmmədov son sözündə günahsız olduğunu söyləyib: "Bəraət hökmündən başqa istənilən qərar mənim hüquqlarımın pozulmasıdır. Bunu özümə qarşı dövlət adından verilmiş haqsız qərar hesab edirəm”.

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı 2018-ci il iyulun 3-də törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi. Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı. İyulun 12-də A.Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi. Bundan sonra ölkə daxilində bir neçə sayta, o cümlədən "Criminal.az” saytına girişə məhdudiyyət qoyulmuşdu.

Meydan Tv