15:53, 10 Avqust 2018 (Cümə) 1626

"Adam bilmir, verdiyi pul bələdiyyəyə gedir, yoxsa yox..." - Bölgədən səslər"

Yolumuzu Şamaxı şəhərindən salmışıq. Bir şikayətin izi ilə gəlmişik də deyə bilərik. 

Sakinlərin narazı olduğu məsələ isə heç bir sənəd göstərilmədən onlardan alınan dayanacaq puludur.  

Şamaxı bazarı adlanan ərazidə 10-15 metrdən bir "dayanacaq işçisi"nə rast gəlinir. 

Üzərlərində uniforma, məlumat nişanı olmasa da, özlərini Şamaxı Şəhər Bələdiyyəsinin işçiləri kimi təqdim edirlər. 

Aldıqları pulun qarşılığında isə sürücülərə heç bir qəbz vermirlər.

"Onlar bizə inanır, aramızda inam var"

Özünü bələdiyyənin işçisi kimi təqdim edən Cavad Quliyev deyir ki, yaşı çox olduğuna görə forma geyinməyə utanır: "Bizə forma verilib, amma yaşım çox olduğuna görə geyinməyə utanıram. Gün ərzində 5-6 saat işləyib çörək pulu qazanırıq. Maaşım 120 manatdır. Gün ərzində yığılan pulu bəzən günlük, bəzən də aylıq formada bələdiyyəyə təslim edirik".

"Bəs bələdiyyə sizin nə qədər qazandığınızdan necə əmin olur" sualına isə C. Quliyevin cavabı belə oldu: "Onlar bizə inanır, aramızda inam var". 

Sənədlərini təqdim etməkdən imtina edən daha iki dayanacaq gözətçisi isə sualları eşidən kimi uzaqlaşırlar.

"Bundan geriyə qalan pul isə mənim qazancım sayılır"

Bazarın giriş qapısından bir az kənarda dayanan Rövşən Kərimov isə digər işçilərdən fərqli  olaraq sənədlərinin yerində olduğunu bildirir: "Mən həm bura, həm də xəstəxananın qarşısındakı əraziyə nəzarət edirəm. Bunun qarşılığında bələdiyyənin bank hesabına ümumilikdə 47 manat ödəniş edirəm. Bundan geriyə qalan pul isə mənim qazancım sayılır. 100 manat da qazansam, 5 manat da qazansam, vəziyyət dəyişmir. 47 manatı ödəmədikdə isə bələdiyyədən xəbərdarlıq edilir ki, pulu mənimsəmə... İşdir də, bilmək olmur, gün ərzində nə qədər adam gələcək, qazanc nə qədər olacaq”. 









R. Kərimov Toplum.Tv-yə deyir ki,  ərazidəki digər işçilərin sənədlərinin olub-olmaması onu maraqlandırmır, başını aşağı salıb işini görür: "Forma geyinməsəm də, sənədlərim yerindədir. Kimsə tələb etdikdə kartımı göstərirəm. Sənəddə dayanacaq üçün rüsum 40 qəpik göstərilsə də, biz 20 qəpiyi güclə alırıq. Bəzən heç ödəniş etmədən çıxıb gedirlər. Bazarda camaat azalan saatlara qədər burada oluram. Gündə 3-5 manat qazanıram. Çörək puludur da, heç yoxdan yaxşıdır".

Məsələ ilə bağlı sakinlərin fikri müxtəlifdir.  "Heç kimin çörəyinə bais olmaq istəməyən" də var, vəziyyətdən narazı olan da: "Bura balaca yerdir, hamı bir-birini tanıyır. Hər gün bura gəlirik demək olar ki. 20 qəpiyə görə xətir-hörməti itirmək olmaz". 

Bunu Şamaxı sakini Şahin Əliyev deyir. O, heç kimin çörəkpulu qazanmasına əngəl olmaq istəmir. Bu səbəbdən də işin əsl üzü onun üçün maraqsızdır. Bu cür  düşünənlər az deyil, lakin vəziyyətdən şikayətçilərin də sayı kifayət qədərdir. 

"Verdiyimiz pul həqiqətən bələdiyyəyə gedirmi?"

Başqa bir sakin Sərdar Məmmədov isə deyir ki,  bəlkə də, bu iş heç qanuni deyil: "Çünki dəfələrlə sənəd tələb etsəm belə, onlar mənə öz rəsmi sənədlərini təqdim etmirlər. Əgər bu qanuni bir iş olsaydı, vəziyyət yəqin ki, başqa olardı. Həm də bura ictimai yerdir. Bazarın qarşısıdır, yol üstüdür. Bəzən heç bazara gəlmirsən, 2 dəqiqəlik marketə girmək istəyirsən, elə həmin an peyda olub pul tələb edirlər. Məsələ 20 qəpikdə deyil, sadəcə, adam bilmir, verdiyi pul bələdiyyəyə gedir, yoxsa yox".

Şahin Cəbiyev deyir ki, vəziyyət çox insan üçün problemə çevrilib: "Neçə dəqiqə dayandığımdan asılı olmayaraq pul istəyirlər. Üstəlik, burada pullu dayanacaq olduğunu bildirən yazı da yoxdur. Yaxınlaşıb pul istəyən insanlar isə nə sənəd təqdim edir, nə də ödəniş barədə qəbz. Bəlkə, heç bələdiyyənin işçiləri deyil, bundan əmin ola bilmirik".

Məsələ ilə bağlı Şamaxı Şəhər Bələdiyyəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.





Türkan Bəşir
ToplumTV