21:22, 17 Oktyabr 2018 (Çərşənbə) 760

2003-cü ilin 16 oktyabr hadisələri necə xarakterizə olunur?

2003-cü ilin 16 oktyabr hadisələri necə xarakterizə olunur?
15 il öncə ovaxtkı prezidentliyə namizəd, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin tərəfdarları səslərini qorumaq üçün küçələrə çıxmışdı. 

Etiraz aksiyası hakimiyyət tərəfindən dağıdıldı. 

Bəs, görəsən, 15 il bundan əvvəl bu hadisələr yaşanmasaydı, Azərbaycan bu gün necə olardı? 

Mövzuyla bağlı Toplum.tv ictimai şəxslər arasında sorğu keçirib. 

QHT sədri Əvəz Həsənov deyir ki, İlham Əliyev hakimiyyətə gəlməsəydi, bəlkə də, Azərbaycanın iqtisadiyyatı, ən əsası infrasukturu bu səviyyədə yüksəlməyəcək, inkişaf etməyəcəkdi: " Təbii ki, ölkə elə də bərbad vəziyyətdə olmayacaqdı. Çox güman ki, müəyyən prosesdə davam edəcəkdi. Nəzərə alsaq ki, İlham Əliyev daha çox iqtisadi sahədə nailiyyətlər göstərib. Sözsüz ki, neft gəlirlərindən əldə olunan vəsaiti Azərbaycan iqtisadiyyatına və ən əsası infrasukturun səviyyəsinin qaldırılmasına sərf etməsi ölkənin imicini dəyişib. 

İqtisadçı Məhəmməd Talıblı bildirib ki, son 15 il ərzində Azərbaycanda neftdən  gəlirlər əldə edilməsinə baxmayaraq, neftdən kənar sahələrdə elə də güclü inkişaf olmayıb: "Son 15 il ölkə iqtisadiyyatı üçün bir neçə xarakterik əlamətlərlə yadda qaldı. Makroiqtisadi konteksdə götürdükdə, Azərbaycan iqtisadiyyatı neft amili üzərində oturduldu. Ölkə iqtisadiyyatı neft-qaz gəlirlərindən 134 milyarddan artıq gəlir əldə etdi. Lakin ölkədə rəsmi statistikanın rəqəmlərini nəzərə almasaq, yoxsulluq və işsizlik ona proporsional səviyyədə enmədi. Ölkə iqtisadiyyatında süni inhisarçılıq çox möhkəmləndi. Bu tendensiyanı hələ ki durdurmaq mümkün olmayıb. Xarici borclanma adambaşına səviyyəsinə görə çox artdı. Azad bazar mexanizmləri işləmədi. Azərbaycan vətəndaşlarının neft-qaz gəlirlərindən olan gözləntilərinin heç biri yerinə yetirilmədi. Qeyri-resurs sektoru hələ də özünün inkişaf mərhələsinə daxil ola bilməz. Orta təbəqə yaranmadı. Sosial gərginliyin və maddi imkansızlığın doğurduğu neqativ meyillər ölkədən kütləvi miqrasiyanı sürətləndirdi. Sadəcə, bir qrup insan hədsiz varlandı. Halbuki, bütün sadaladıqlarımın əksini etmək olardı”.

Jurnalist Elçin Şıxlı bildirib ki, ölkənin durumu elə gördüyümüz kimidir: "Olmayan bir şey haqqında danışa bilmək çətindir. Düzdür, 15 il öncə İlham Əliyev hakimiyyətə gəlib. Əgər gəlməsəydi, nə olacaqdı? Bu suala və baş verən proseslərə mən cavab verə bilmərəm". 

Ekspert İlham Şabanın açıqlamasına görə bunun üçün dərin təhlillər lazımdır: "Ekspromt cavab versəm, yarı qaranlıq olardı. Bunun üçün dərin düşünmək lazımdır. Geniş təhlillərə ehtiyac var”.

Telejurnalist Qulu Məhərrəmli isə sorğumuzu bir kəlmə ilə cavablandırıb: "Mövlanə deyir ki, ya həqiqəti de, ya da sus...” 

İqtisadçı Qubad İbadoğlu son 15 il ərzindəki ölkənin iqtisadi durumu haqqında bildirib ki, yalnız Dövlət Neft Fondu Azərbaycanın neft və qaz resurslarının ixracatından 138 milyard dollardan çox vəsait qazanıb: "Onun 100 milyard dollardan çoxu son 15 ildə xərclənib.  Bu ildə 8-9 milyard dollar xərclənmə deməkdir. Əlbəttə ki, bu vəsait hesabına Azərbaycanı kiçik İsveçrəyə, Danimarkaya, ən pis variantda Çexiyaya yaxınlaşdırmaq olardı. Eyni zamanda hazırda ARDNF-nin aktivləri 38 987,7 milyon ABŞ dollarına deyil, ondan ən azı 2 dəfə çox olardı. Yəni gələcək nəsillər üçün daha çox yığıma vəsait qalardı. Bu gün Azərbaycan vətəndaşları işsizlikdən, yoxsulluqdan, təhsilsizlikdən, xəstəliklərdən əziyyət çəkməzdi. Ən azı əhalinin gənc, yaşlı hissəsi dövlət hesabına tibbi sığortadan, istedadlı gənclər xaricdə dövlət hesabına keyfiyyətli təhsildən, məşğul əhali yüksək əməkhaqqı olan iş yerlərindən, ahıl  vətəndaşlarımız yuxarı səviyyədə pensiyalardan bəhrələnə bilərdi”.

Samirə Əliyeva
Toplum TV